Qadin.NET / Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb - RƏSMİ

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb - RƏSMİ

 “Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 35 milyon manat vəsait ayrılıb”.

Bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

“Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sizin müvafiq Fərmanınızın icrası olaraq son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur”.

Eləcə də nazir vurğulayıb ki, yerli gəlirlərlə xərclər arasında da müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Artıq ölkəmizin 42 şəhəri və rayonu öz gəlirləri hesabına öz xərclərini təmin etmək iqtidarındadır. Yerdə qalan rayonların xərcləri ilə gəlirləri arasında kəsirin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiyaların verilməsi davam etdiriləcək.

Samir Şərifov qeyd edib ki, kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə növbəti ilin büdcəsində də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək:

“Bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub”.

7 yanvar 2021
GO BACK