Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırına ermənilər buraxılmayıb.
Bu barədə öz “Facebook” səhifəsində yazan Ermənistan vətəndaşı Yevgeniya Yengibaryan baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırıb.
“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəmlə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik.
Biz 40 nəfər olsaq da, ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, Ermənistan tərəfi Azərbaycan tərəfi ilə yalnız 30 ziyarətçini razılaşdırıb.
Nəticədə, üçüncü avtobusdan hamını düşürüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışasan və dəli olmayasan – məsələ budur”, - deyə Yengibaryan qeyd edib.
Erməni qadın həmçinin bildirib ki, problem Ermənistan tərəfi ilə bağlıdır:
“Bizi müşayiət edən rusiyalı sülhməramlılar bildirdilər ki, Ermənistan rəhbərliyi siyahıya yalnız 30 nəfər ziyarətçinin adını daxil edib. Əgər bütün ziyarətçilərin adı siyahıya daxil edilsəydi, o zaman hamını içəri buraxardılar”, - deyə o əlavə edib.