2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün ayrılan vəsait açıqlanıb.
Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, bu məqsədlə 2,2 milyard manat vəsait ayrılacaq.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Əlavə edilib ki, Ermənistanın hərbi işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurulub, sosial-iqtisadi obyektlər məhv edilib və Azərbaycan xalqının bir çox tarixi, maddi-mədəniyyət abidələri dağıdılıb.