“Ağdamı, daha doğrusu, ondan geridə qalanları ziyarət edən beynəlxalq jurnalistlər buranı Qafqazın Hirosiması adlandırıblar. Mən isə bunun Hirosimadan daha pis olduğunu deyirəm”.
Qadin.Net-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.
O, Hirosimanın nüvə-atomun yaratdığı faciə olduğunu, ancaq onun üzərindən barbar və vandalların keçmədiyini deyib:
“Ağdam şəhəri isə işğal illərində tamamilə məhv edilmişdi. Bilərəkdən, məqsədyönlü şəkildə. Eynilə Füzuli şəhəri kimi. Bu şəhəri azad edəndə və mən binaların birində bayraq qaldırılması barədə fərman verəndə, dedilər ki, bir dənə də salamat tikili yoxdur. Hansı ki, bu şəhərdə minlərlə insan yaşamışdı. Burada hər şey yerlə-yeksan edilmişdi”.
Dövlət başçısı Cəbrayılda da, bundan başqa, onlarla kəndlərdə də eyni mənzərənin olduğunu qeyd edib:
“Bu, hərbi cinayətdir, son 100 ildə dünyanın görmədiyi bir hadisədir”.
Azərbaycan Respublikasının başçısı ermənilərin məskunlaşdırıldığı şəhərlərdə yaşayış yerlərinin olduğunu, ancaq onların da sakinlər rayonu tərk edərkən məhv edildiyini xatırladıb.
“Bu vandalizm bu günə qədər davam edib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.