Sərt karantin dövründə ölkə ərazində “Zoo mağaza”lar yalnız onlayn formada fəaliyyət göstərə bilər.
Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb.
Bununla əlaqədar Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri də qərarda öz əksini tapıb.
Lakin, ölkə ərazində “Zoo mağaza”ların sərt karantin dövründə fəaliyyətini hansı formada tənzimləyəcəyi haqqında qərarda xüsusi müddəa mövcud deyil.
Sərt karantin dövründə ev heyvanlarının ehtiyaclarını qarşılamağa çalışan vətəndaşlar və “Zoo mağaza” sahiblərinin şikayətləri əsasında məsələyə aydınlıq gətirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, “Zoo mağaza”lar sərt karantin dövründə yerində xidmət göstərə bilməyəcək. Bu halda “Zoo mağaza”ların fəaliyyəti yalnız onlayn formada təşkil edilə bilər. Yəni, “Zoo mağaza”lardan alış-veriş etmək istəyən şəxslər yalnız onlayn qaydada tələb olunan məhsulun sifarişini edə bilərlər. Eləcə də, “Zoo mağaza” sahibləri öz satış fəaliyyətlərini yalnız onlayn qaydada həyata keçirə bilərlər.
“Zoo mağaza” sahibləri digər mağazalar kimi ev heyvanlarının qida və digər ehtiyaclarının qarşılanması üçün bu mağazaların fəaliyyət göstərməsini təkid edirlər. Eləcə də, ev heyvanı sahibləri çeşid müxtəlifliyi baxımından da bu mağazaların fəaliyyətinin vacib olduğunu bildirirlər.
Nazirlər Kabinetinin qərasına əsasən, hərəkətinə icazə verilən şəxslərin siyahısında zootexniklər, eləcə də, şəxslərin hərəkətini zəruri edən hallar arasında heyvandarlıq sahəsində fermer fəaliyyəti ilə bağlı baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması, satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası, iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması, həmçinin, heyvanlar üçün yem satışı məntəqələrinin fəaliyyətinə icazə verilsə də bu yalnız kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında heyvan sığınacaqları da var.