Qadin.NET / Uşaqlar maska taxmalıdırmı?

Uşaqlar maska taxmalıdırmı?

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.

H.Harmancı Trend-ə açıqlamasında bildirib ki, ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupu uşaqlarda COVID-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirib. Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və UNİCEF tövsiyə edir ki, beş yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan ​​istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır.

H.Harmancı əlavə edib ki, ÜST və UNİCEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir.

Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan ​​istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər, baxıcılar və ya tibb işçiləri ilə məsləhətləşərək maska ​​taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir.

H.Harmancı ÜST-ün əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi məsləhət gördüyünü də vurğulayıb.

14 dekabr 2020
GO BACK