Nahid Mikayılov Vətən müharibəsində 34 gün döyüşəndən sonra şəhidlik zirvəsinə yüksəlib.
Mikayılov Nahid Sovqat oğlu 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran Mikayılov həqiqi hərbi xidmətə yollanıb.
Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin nəzdində fəaliyyət göstərməyə başlayıb.
Sentyabrın 27-si müharibə başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub. Bir neçə rayonumuzun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin, təəssüflər olsun ki, düşmən mərmisi gizir Mikayılovu hədəf alıb və o ağır qəlpə yaralarından həyatını itirib, şəhid olub.
Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidimizdən geriyə qalan üç oğul övladı oldu. Gələcəyin üç əsgəri. Qəhrəman atalarının yolunu gedəcək 3 qəhrəman oğul.