İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərində iştirak etmək üzrə dost dövlətlərin şirkətləri artıq dəvət edilib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
İşğal edilmiş ərazilərimiz uğrunda aparılan hərbi əməliyyatlar və onların nəticələrindən danışan dövlət başçısı bildirib ki, indi Azərbaycanda bərpa dövrü başlayıb, genişmiqyaslı quruculuq işləri aparılacaq:
“İlk növbədə Azərbaycan şirkətləri bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri də bərpa, rekonstruksiya və yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər edildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ötən il ölkə ilə ticarət dövriyyəmizin həcmi 6 milyard dollara çatıb:
“Bunun böyük hissəsi enerji resursları aiddir. Hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da iki ölkə arasında xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Bu şübhəsiz ki, İtaliya ilə Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”