Qadin.NET / Bakı Vətən müharibəsinin şəhidlərini anır

Bakı Vətən müharibəsinin şəhidlərini anır

 Bu gün Azərbaycanda 30 illik Vətən həsrətinə son qoyan, 2783 şəhidin qanı ilə 44 günə yazılan yeni tarixin unudulmaz qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan xalqı öz şəhidlərinin, igidlərinin ruhuna hörmət əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edir.

Bu gün hər kəsin hörmətlə yad etdiyi şəhidlərimiz əbədi sülhün bərqərar olması, Azərbaycanın haqq savaşından qalib çıxması üçün öz hüquqlarından keçdilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şəhidlik zirvəsinə ucalan əsgərləri ilə bağlı verdiyi məlumata görə, Azərbaycanın tarixi qələbəsi uğrunda Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, 100 nəfərdən artıq hərbi qulluqçusu itkin düşüb, 103 nəfər hərbi qulluqçunun isə DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır.

Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Xatırladaq ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixinə yazdığı tarixi qələbə münasibətilə bir sıra sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edildiyi gün – noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq.

Bundan başqa, Prezident İlham Əliyev Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazan, şəhidlər verən bir millətin övladlarıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərləriməzə şəfa versin.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycanındır!

4 dekabr 2020
GO BACK