44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri də döyüşlərdə qəhrəmanlığı ilə ad çıxarmış “Rembo” ləqəbli kəşfiyyatçı Dursun Manafovdur.
Qadin.Net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, döyüşlərdə iki dəfə ağır yaralanan, bir gözünü itirən və hazırda hərbi hospitalda müalicə alan 26 yaşlı qazimizlə telefonla söhbətləşib.
Əslən Bərdə rayonunun Kolayır kəndindən olan Dursun Manafov müharibə başlanan gündən ön cəbhədədir. Murov, Mübariz İbrahimovun şəhid olduğu yüksəklik, Talış kəndi, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. Cəbhə yoldaşları ilə bərabər həmin ətrafda ermənilərin qurduğu bütün postları düşməndən təmizləyib. Elə ilk dəfə oktyabrın 10-da Suqovuşanda gedən ağır döyüşlərin birində yaralanıb. Özü yaralı olsa da, şəhid və yaralıları döyüş zonasından çıxarıb. Cəmi 2 gün hospitalda yatan hərbçi israrla döyüşə qayıtmaq üçün icazə istəyib. Lakin növbəti dəfə aldığı yaralar yüngül olmayıb.
Qazimiz ən ağır döyüşünü belə xatırlayır: “Döyüş asan deyil, hamısı ağırdır. Amma ən çox döyüşdüyümüz döyüş 7 saat yarım Mübariz İbrahimovun şəhid olduğu postu alanda oldu. Ondan sonra da ağır döyüşlər oldu, Suqovuşanda qardaşlarım şəhid oldu. Bu, mənə ağır zərbə idi.
Noyabrın 9-da növbəti döyüş əməliyyatını icra eləmək üçün hazırlaşırdıq. Mən də daxil olmaqla 5 kəşfiyyatçı qabaqda gedirdik, getdiyimiz yerdə düz ortamıza tank üçün olan “Kornet” raketini atdılar. Ən ağır yaralanan mən və bir də bir döyüşçü qardaşım oldu. Bir tərəfim salamat idi, əlimdən tutub ağır döyüş gedən ərazidən uzaqlaşdırdılar. Təxminən 2 saat yarım orada qan içində qaldım, oturub ölməyimi gözləyirdim. Amma sağ olsun yoldaşlarım gəlib kömək elədilər, məni oradan çıxardılar. Hərbi tibbi maşına qoyub xəstəxanaya apardılar. Ondan sonra nə oldu bilmədim. Özümə gələndə artıq əməliyyat olunmuşdum”.