Paşinyan istefanı qəbul edib? - VİDEO
Dekabrın 1-də Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Mənim addımım” fraksiyasının deputatları ilə qapalı görüş zamanı istefa məsələsini qaldırıb.
Bu barədə erməni mətbuatı yazır.
“Past” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, hadisə parlamentin iclas salonunda baş verib və hökumət başçısı təhlükəsizlik işçilərinə də oranı tərk etmələrini deyib.
İclasda Paşinyan komandasına güvəndiyini və çətin bir mərhələni aşa biləcəklərinə əmin olduğunu vurğulayıb. Buna baxmayaraq, o, bir sıra deputatların “Mənim addımım” fraksiyasından getməsinə narazılığını bildirib. O bildirib ki, başqası onu tərk etmək istəsə, bu barədə birbaşa onun özünə desin.
Qəzetin məlumatına görə, ehtiyat variant olaraq erkən seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. Paşinyan komandanın vahid namizəd ətrafında bir fikir birliyinə gələcəyi təqdirdə istefaya hazır olduğunu, eyni zamanda, kimisə namizəd göstərmək istəmədiyini deyib.
Qeyd olunur ki, hazırda təxminən 20 millət vəkili hakim fraksiyadan çıxmaq istəyir.