Qadin.NET / Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

 Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.

- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:

- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);

- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;

- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;

- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;

- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

1 dekabr 2020
GO BACK