Artıq uzun müddətdir ehtiyat etdiyimiz o çətin vəziyyət yaranmaq üzrədir, xəstəxanalarda koronavirus xəstələrinə görə boş yer yoxdur. Bu gün bir çox insan məcburiyyətdən evdə qalmalı olur və çox ağırlaşmış vəziyyətdə xəstəxanalara gətirilir. Bu isə koronavirus xəstələrinin əksəriyyətinin ölümü ilə nəticələnir.
Bu barədə açıqlamasında pandemiyanın başlanğıcından bəri xüsusi rejimli xəstəxanalarda çalışan həkim-infeksionist Nicat Əzimli məlumat verib.
Həkimin sözlərinə görə, bu gün bir çox xəstələr xəstəxanalarda yerlərin boşalmasını gözləyir:
“Bu bizim üçün çox ciddi çətinlik yaradır. Çünki qəbul etdiyimiz xəstələr ağırlaşmış vəziyyətdə müraciət edir. Əvvəl bəzi pasiyentlər xəstəliyi ciddiyə almayıb, evdə müalicə ilə sağalacaqlarını düşünüb, xəstəxanaya müraciət etmirdilərsə, bu gün artıq bu vəziyyət məcburiyyətdən qaynaqlanır. Xəstəxanada olan pasiyentlərin vəziyyəti ağırdır. Yoluxmanın sürətlə artması evdə aparılan müalicənin effektivliyini demək olar ki, aşağı salır”.
İnfeksionist deyir ki, xəstəliyin yaş məhdudiyyəti və paralel xəstəliklərə bağlı riskinin artmasına dair stereotiplər artıq qırılıb:
“Koronavirusun sırf yaşlı və paralel xəstəlikləri olan insanlar üçün riskli hesab etmək artıq doğru deyil. 1999-cu il təvəllüdlü, paralel heç bir xəstəliyi olmayan vətəndaş sutka ərzində koronavirusdan dünyasını dəyişib. Bu xəstəlik artıq çox kəskin irəliləyir. Bu ilk hal deyil, artıq neçənci dəfədir belə ölümlər qeydə alınır. Hər kəs gigiyena qaydalarına əməl etməlidir.
Mövsümi xəstəliklərdə olduğu kimi koronavirusda da yoluxmanın sürətlə artımı özünü göstərir. Ümumiyyətlə, digər respirator infeksiyalardan fərqli olaraq koronavirusun yoluxduruculuq qabiliyyəti çox yüksəkdir. Bir nəfər kimi hər kəs maskadan istifadə etməli, sosial məsafəni gözləməlidir”.
Ölkədə hər kəs koronavirusa yoluxduqdan sonra bu xəstəlik tamamilə yox olacaqmı sualını isə həkim Nicat Əzimli belə cavablandırıb:
“Tibbdə kollektiv immunitet deyilən bir fikir var. Bu ifadə daha çox qalıcı immunitet formalaşan xəstəliklərə aid edilir. Yalnız bu halda kütlənin həmin xəstəliyə yoluxması, kollektiv immunitetin yaranmasına səbəb olur və uzun illər bu cür kəskin vəziyyət davam eləmir.
Lakin biz bunu koronavirusa şamil edə bilmərik. Çünki COVID-19 infeksiyasında təkrar yoluxma qeydə alınıb, bu da onu sübut edir ki, infeksiyaya qarşı qalıcı immunitet formalaşmır. Xəstəlik mutasiyaya uğrayır və bu xəstəliyə yoluxan şəxs yenidən bu xəstəliyə yoluxa bilir. Odur ki, xəstəliyə yoluxub sağalan şəxs düşünməsin ki, daha risk yoxdur.
Digər tərəfdən bu xəstəlik üzrə kollektiv immunitetin qazanılması səhiyyə sisteminin çöküşü demək olar. Təsəvvür edirsiz, səhiyyə sisteminin çökməsi koronavirus xəstələrinin evdə ölməsi demək olar. Odur ki, yoluxma sayını azaltmaq üçün kəskin tədbirlər görülməlidir. İlk növbədə, hər kəs fərdi qaydada pandemiyaya qarşı məsuliyyətini dərk etməlidir, digər tərəfdən isə artıq dövlət səviyyəsində karantin qaydalarına nəzarət artırılmalıdır”.