10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, 2016-cı il Aprel döyüşlərinin də iştirakçısı olub. R.Qasımov Aprel döyüşlərində yaralansa da, yenidən XTQ-ya qayıdıb.
“Qafqazinfo”nun əməkdaşları qəhrəman qazimizin ailəsində olub, evindən reportaj hazırlayıblar.
Bu qüvvələrin N saylı hərbi hissəsində əsgərlərin yetişməsi üçün çalışan gizir Qasımov Vətən müharibəsi başlayan gündən Murovdağ istiqamətində əks-hücum əməliyyatı keçirənlərin öndə gedənlərindən olur. İgidimiz həmçinin Hadrutun, Füzulinin və Cəbrayılın alınmasında da iştirak edir.
Gizir Qasımov 14 hərbçi yoldaşı ilə birlikdə Cəbrayıl şəhəri istiqamətində 200 erməni əsgərinə qarşı döyüşür. 30 yaşlı gizir həmin anları belə xatırlayır: “Bizə komandir tərəfindən bildirildi ki, geri çəkilin. Həmin istiqamətdə ermənilər böyük qüvvəsi ilə toplaşıb və ora artilleriya zərbələri endiriləcək. Amma biz dedik ki, burada döyüşmək istəyirik. Çünki üz-üzə döyüşlərdə ermənilərin bizdən çəkindiyini bilirdik. 14 nəfər pusquya düşdüyümüz halda ordan çıxıb ermənilərin özünü pusquya saldıq. Onların böyük hissəsini məhv etdik. Qalanları da silah-sursatını, hər şeyi orada qoyub qaçdılar. İçlərində Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubları da var idi. 4 şəhidimiz olsa da, mübarizə apardıq və düşməni qovduq. Həmin döyüşdə çiynimdən snayper yarası aldım. Təəssüfləndiyim isə odur ki, Şuşaya qədər döyüşə bilmədim. Orada igidlik göstərənlərin siyahısında olmaq istəyirdim”.
Qazinin həyat yoldaşı Elmira Hüseynova Raufla fəxr etdiyini bildirib: “Mən bilirəm ki, o, döyüşəcək, döyüşməlidir. Bunun üçün təlimlər keçir. Bu, Raufun vəzifəsidir. O, torpaqlar uğrunda mübarizə aparmalı idi və bunu etdi. Təbii ki, onun üçün qorxurdum, amma buna öyrəşmişəm”.
Bu məqamda söhbətimizə müdaxilə edən gizir də xanımına işarə edərək, "O da mənim döyüşçü yoldaşımdır da...", - deyə gülümsəyir.