Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçdi. Bura ölkəmizin ən gözəl guşələrindən biridir, eyni zamanda yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin bölgədir. Görkəmli kimyaçı alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral bulaqların suyunu analiz edərək, İstisunun müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirmiş və onun bütün dünyada məşhur olacağını qeyd etmişdi.
“Kəlbəcər bölgəsi həqiqətən mineral termal bulaqlarla zəngindir. Ən məşhurları İstisu və Tutqun mineral-termal su hövzələridir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin (MGKX) rəisi Əli Əliyev Media.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, İstisu mineral-termal su hövzəsinə lokal bulaqlar daxildir: Yuxarı İstisu, Aşağı İstisu və Keşdağ. Bununla yanaşı Tutqun termal su hövzəsinə eyniadlı Tutqun, Qarasu, Mozçay və Qoturlu axır.
A.Əliyev onların hamısının vahid tektonik-maqmatik aktivasiya zonasında olduqlarını bildirib. Termal yeraltı suyunun dərinliyi 30-600 metrdir.
“Mineralogik tərkibə gəldikdə, bunlar əsasən hidrokarbonat, xlorid və sulfat-kalsium sulardır. Onlar xüsusi müalicəvi xüsusiyyətləri olan bor və brom da ehtiva edirlər. 80-ci illərdə İstisu bulağında böyük bir kurort və mineral su zavodu tikilib. Bu gün də onlar kurort və sanatoriya komplekslərinin yaradılması üçün əlverişlidir”, - deyə Ekologiya Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Sovet dövründə kurort və sanatoriya kompleksi ildə 50 min insan qəbul edirdi.
“Zavoda gəldikdə burada gündə 800 min litr mineral su istehsal edilirdi. Yeri gəlmişkən, bütün bunlar işğalçılar tərəfindən məhv edildi. Onlar bu yatağa çox böyük ziyan vurdular. Bu gün Kəlbəcər bölgəsi azad edildikdən sonra hər şeyi sıfırdan bərpa edəcəyik”, - deyə A.Əliyev bildirib.
O, İstisunun mineral suyunun Kəlbəcərin regional büdcəyə böyük qazanc gətirməyə qadir təbii sərvəti olduğunu qeyd edib. Termal suların mineral ehtiyat bazasının ildə 5 milyard dollar (8,5 milyard AZN) olduğu təxmin edilir.
“Bu potensialdan istifadə etsəydik, əla mənfəət əldə edərdik. Ermənistan bütün beynəlxalq qanunları pozaraq Kəlbəcər rayonunun işğalı zamanı xaricə böyük miqdarda mineral sular ixrac etdi”, - deyə Ekologiya Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, İstisu qaz və kimyəvi tərkibinə görə digər mənbələrdən fərqlənir.
“Bu sular insan orqanizminə müalicəvi təsir göstərir. Bu sular müalicəvi xüsusiyyətləri baxımından Çex Respublikasındakı Karlovı Varının termal-mineral bulaqları ilə müqayisə olunur. Bu həqiqətən belədir, bizimki heç də geri qalmır. İstisuda suyun temperaturu səthdə 74 dərəcəyə, dərinlikdə isə 90 dərəcəyə qədər çata bilər. Eyni zamanda bir litr sudakı mineralların ümumi miqdarı 2-7 qram arasındadır”, - deyə MGKX rəisi bildirdi.
Sonda Ekologiya Nazirliyinin nümayəndəsi Kəlbəcərin təbii bir muzey olduğunu qeyd edib.
Bölgədə termal sulardan əlavə 100-dən çox bulaq var.