Qadin.NET / Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA
“Kəlbəcərdə çox qiymətli meşə massivlərimiz var. Orada enliyarpaqlı ağaclar çox yayılıb. Kəlbəcər meşələrində çoxlu sayda palıd, vələs, cökə, fındıq, fıstıq, xüsusən, ayı fındığı meşələri var. Hətta ayı fındığı meşələri Azərbaycanın dövlət tərəfindən mühafizə olunan meşələr siyahısına düşüb”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılan Kəlbəcər rayonunun meşə sahələri ilə bağlı danışan zaman bildirib.

O qeyd edib ki, ayı fındığı meşəsinin ümumi sahəsi işğaldan əvvəl 968 hektar olub, ona Azərbaycanın başqa meşələrində nadir halda rast gəlmək olur. Kəlbəcərdə, dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitir:

“Burada ayı fındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 50-120 santimetrə çatır. Onların vəziyyətinin nə yerdə olması barədə ətraflı monitorinq apardıqdan sonra məlumat verəcəyik”.

“30 il ərzində Azərbaycan torpaqlarının işğalı və paralel olaraq, ekoloji terroru müşahidə etmişik. Bu terror həm Qarabağ ərazisində, həm də həmsərhəd olan Azərbaycan ərazisində həyata keçirilib.

İstər meşələrin kəsilib satılması, yandırılması, dağıdılması, istərsə də geoloji, qızıl və qiymətli metalların qanunsuz istismarı, su hövzələrinin dağıdılması, çirkləndirilməsini qeyd etmək olar.

Düşmən oradakı su hövzələrini yay aylarında bağlayaraq, Azərbaycanın digər rayonlarını susuz qoyub, qışda isə su hövzələrinin açılaraq torpaqların su basmaya məruz qalıb. Mənfur ermənilər təbiətə düşmən kəsilərək bunlar həyata keçiriblər. Təbi ki, bundan Kəlbəcər də kənarda qalmayıb.

Yaşı minlərlə olan qayaüstü abidələr dağıdılıb, üzərində olan rəsmlər, qeydlər silinib, məhv edilib, hətta erməniləşdirilməyə çalışılıb. Bütün dünya ermənilərin Kəlbəcər rayonundan çıxan zaman evləri, meşələri məhv etməsini izləyib”, - deyə H.Əlizadə qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, ermənilərin törətdiyi ekoloji terror aktları barədə məlumatlar dünyaya çatdırılacaq:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Qarabağın ərazilərində ermənilərin yol verdikləri vandallıqlar qiymətləndiriləcək. Beynəlxalq təşkilatlar dəvət ediləcək, vurulan ziyan hesablanacaq və dünyaya bu barədə məlumat veriləcək. Beynəlxalq məhkəmələrə müraciət olunub, təzminat məsələsi qaldırılacaq”.

26 noyabr 2020
GO BACK