Bir müddət öncə Qərb mediasında Meqan Markl və şahzadə Harrinin ikinci dəfə valideyn olacaqları ilə bağlı məlumatlar yayılmağa başladı. Pərəstişkarları Meqanın ikinci hamiləliyini elan edəcəyi günü səbirsizliklə gözləsələr də bu baş vermədi.
Məlum oldu ki, gəzən söz-söhbət şayiə deyilmiş. Meqan həqiqətən də hamilə olub, lakin uşağını itirib.
“Daily Mail”in məlumatına görə, hersoginya özü bu barədə ancaq indi danışa bilib.
Faciə cütlüyün ABŞ-a köçməsindən sonra baş verib. Meqanın sözlərinə görə, səhər adi qaydada başlayıb. Lakin oğlu Arçinin altını dəyişərkən kəskin ağrı hiss edib.
“Güclü ağrı hiss etdim. Arçi qucağımda yerə dizi üstə çökdüm. Hər ikimizi sakitləşdirmək üçün mahnı oxuyurdum. Şən melodiya mənim nəsə bir hadisə baş verəcəyi hissim ilə tam ziddiyyət təşkil edirdi. İkinci uşağı itirmək üzrə olduğumu anlayaraq Arçini möhkəm-möhkəm qucaqladım”, - deyə Meqan həmin günün kədərli hisslərini bölüşüb.
O, dərddən başını itirmiş şahzadə Harri ilə birlikdə xəstəxanaya yollansa da, uşağın həyatını xilas etmək mümkün olmayıb, ona övladını itirdiyini deyiblər.
“Bir neçə saat sonra Harrinin əli əlimdə xəstəxana çarpayısında uzanmışdım. Ovuclarımızın yapışqanlığını hiss etdim, göz yaşlarından islanmış əlini öpdüm. Soyuq, ağ divarlara baxanda bu vəziyyətlə necə başa çıxacağımızı düşündüm”, - deyə M.Markl həmin faciəvi günü xatırlayarkən deyib.
M.Markl vurğulayıb ki, bir çox hamiləliklər yarımçıq bitsə də, az qadın bu barədə danışır, çünki bu mövzu cəmiyyətdə tabu halına gəlib. O insanları öz ağrıları ilə bölüşməyə çağırıb, çünki onun fikrincə bu, bu bir tək adamı deyil, bütün cəmiyyəti sağaldır.