Qadin.NET / Taleh Qasımov: “Xankəndidə “KARMEN” markalı un satmırıq”

Taleh Qasımov: “Xankəndidə “KARMEN” markalı un satmırıq”

 “Son günlərdə sosial şəbəkələrdə “KARMEN” ticarət nişanı altındakı unumuzun Xankəndi şəhərindəki pərakəndə satış şəbəkələrində satıldığı barədə məlumatlar müzakirə edilir”.

Bu barədə “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov Oxu.Az-a müraciət edib.

“Redaksiyanızdan Azərbaycanda istehsal olunan “KARMEN” ununun heç bir şəkildə Xankəndiyə tədarük olunmadığı və oranın ticarət piştaxtalarında heç bir şəkildə satılmadığı barədə bütün vətəndaşlarımızı məlumatlandırmasını xahiş edirik”, - deyə o qeyd edib.

“Həmçinin bildiririk ki, Gürcüstan Respublikasında da “KARMEN” ticarət markası altında un istehsal edirik. Əldə etdiyimiz məlumata görə, Ermənistan öz ununun olmaması səbəbindən Gürcüstanın (Axalkalaki) sərhəd zonasındakı mağazalardan və topdansatış məntəqələrindən un (əlinə düşən hər hansı bir ticarət markasını) almaq məcburiyyətində qalır və sonra müxtəlif yollarla həm öz ərazisinə, həm də Xankəndiyə çıxarır”, - “Karat Holding” MMC-nin rəhbəri deyib.

Taleh Qasımov Azərbaycan vətəndaşlarını “Karat Holding” MMC ilə bağlı əsassız şayiələrə inanmamağa çağırıb.

24 noyabr 2020
GO BACK