“Rusiya heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün mübarizə aparmaq niyyətində olmayıb”.
Qadin.Net bildirir ki, İnfo24-ün məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağın və ətraf ərazilərin Azərbaycanın tərkib hissəsi olması barədə açıqlaması Moskvanın münaqişənin əvvəlindən tutduğu mövqeyi təsdiqləyib.
“Bu, Rusiyanın guya Ermənistanı satması barədə hay-küy salanlara mesajdır. Biz heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün vuruşmağa hazırlaşmamışıq. Putin sadəcə bu gün bizə bəziləri tərəfindən ünvanlanan illüziya xarakterli gözləntilərə və qınaqlara cavab verdi. İlk növbədə bütün iradları özünüzə ünvanlayın. Erməni cəmiyyəti, Ermənistan dövləti, erməni siyasi elitası - bütün sualları özlərinə ünvanlamalıdırlar”, - deyə İ.Korotçenko bildirib.
“Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın bu məsələ ilə bağlı mövqeyi münaqişənin lap əvvəlindən belə olub”, - deyə ekspert əlavə edib.