Azərbaycan bu yaxınlarda müharibədən çıxıb. Hərbi əməliyyatlar həm də COVID-19-un yayılmasına şərait yaradıb. İndi faktiki olaraq yeni bir cəbhə - tibbi cəbhə açılır.
Qadin.Net bildirir ki, bu barədə Ukrayna Milli Tibb Palatasının sədri, hərbi epidemioloq Sergey Kravçenko Media.Az-a verdiyi müsahibəsində bildirib.
O, bu vəziyyətdə əhalinin dövlətin təyin etdiyi bütün norma və qaydalara riayət etməli olduğunu bildirib.
“Əlbəttə ki, bu barədə çox deyilib, ancaq şəxsi gigiyena tədbirlərinə riayət etmək, sosial məsafəni qorumaq və insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinmək vacibdir. Tibbi müəssisələrin yükünü azaltmaq lazımdır. Ailə, dostlar və sadəcə başqaları barədə də düşünməliyik. Buna yalnız bir sıra qeyri-spesifik profilaktik tədbirlər kömək edəcək”.
O, hətta artıq KRXİ (Kəskin Respirator Xəstəlikləri İnfeksiyası), qrip mövsümünün başladığı şimal ölkələrində qeyri-spesifik profilaktik tədbirlər sayəsində yoluxmanın (söhbət koronavirusdan getmir - red.) əvvəlki illərlə müqayisədə kəskin azaldığını vurğulayıb.
Mütəxəssis bununla bağlı başqa vacib məqamı – interferensiyanı (bir virusun digər virusun inkişafını zəiflətməsi - red.) da qeyd edib.
“Bir hüceyrəni bir virus, məsələn, COVID-19 tutubsa, ikincisinin orada heç bir işi olmur. Bunu şimal ölkələrində də görürük”, - deyə o, vurğulayıb.
Həkim epidemioloq son günlərdə tez-tez bəhsi keçən koronavirusun “üçüncü dalğası” məsələsinə də toxunub. O, belə bir şeyin olmadığını deyib:
“Üçüncü dalğa” yoxdur. Gəlin bunu unudaq. Heç bir yerdə dalğa olmayıb. Bəzi ölkələrdə yoluxmada zəif, bəzilərində isə dinamik artım olub”, - deyə o bildirib.
Hərbi əməliyyatlara gəldikdə Sergey Kravçenko bunu yoluxma hallarının artmasına səbəb olan əlavə bir risk faktoru olduğunu vurğulayıb.
“Mülki əhali xəstəxanalardakı əsgərlərinə, yaralılarına kömək etməlidir. Əsas kömək isə özünü və hərbçiləri, xüsusən də yaralıları yoluxdurmamaqdır. Mülki əhali – bir çox şeyin asılı olduğu arxa cəbhə, ikinci cəbhədir”, - deyə o, sözlərini yekunlaşdırıb.