“Bir də arzusu vardı - Polad Həşimovun məzarına gül qoymaq istəyirdi. Özü də Poladın yanında dəfn olundu...”
Bunu vətənimizin bütövlüyü yolunda şəhid olan “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva deyib.
O bildirib ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. O qeyd edib ki, İkinci Qarabağ Müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb.
Ölüm xəbərini isə ailəsi oktyabrın 7-də alıb. Oğlunun arzularını şəhid anasına son günlərində yanında olan döyüş dostları çatdırıblar.
Yaxınları bildirir ki, Rəşad Cəbrayıla girəndə torpağın qoxusunu doya-doya sinəsinə çəkib.
Cəbrayıldan Qubadlıya gedən yolda yüksəkliklər uğrunda döyüşdə həlak olub. Mərmi atıldığını görəndə də özündən əvvəl əsgərlərini düşünüb. Onlara “dağıl!” komandası verib. Lakin minomyot mərmisi onun yaxınlığında partlayıb, ayağından yaralanaraq həlak olub.