Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər davam edir.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova açıqlamasında bildirib.
Onun sözlərinə görə, məqsəd, kibermühitdə ermənilərin təxribatlarının, eyni zamanda bəzi vətəndaşların Azərbaycan ordusunun uğurlu əks-həmlə tədbirləri gedişində hərbi sirr daşıyan məlumatların yayılmasının qarşısını almaqdır:
“Siz də bilirsiniz ki, düşmən xüsusən sosial şəbəkələrdə saxta profillərlə Azərbaycan dilində yalan məlumatlar paylaşır və məqsəd vətəndaşlar arasında təşviş yaratmaqdır. Bununla yanaşı Azərbaycan Ordusunun düşmənin hərbi təxribatlarının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün uğurlu əks-həmlə tədbirləri gedişində bəzi vətəndaşlar hərbi sirr daşıyan, hərbi texnika barədə məlumatları əks etdirən paylaşımlar edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq olunub. İnternetin müvafiq sahələrdə məhdudlaşdırılması qanunvericilik əsasında həyata keçirilir. Sözsüz ki, məhdudlaşdırılmanı zəruri edən hallar aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək”.
G.Gözəlova açıqlamasında VPN-dən istifadə edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:
“VPN-dən istifadənin məhdudlaşdırılması, onun istifadəçilərinin müəyyənləşdirilməsi və cəzalandırılması ilə bağlı hər hansı bir qanunvericilik mövcud deyil. Sadəcə hər bir vətəndaş öz informasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşmalı, fərdi məlumatlarının əldə olunmasına imkan yaratmamalıdır. Biz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bu kimi məsələlərlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırırıq. Sizin vasitənizlə bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda informasiya təhlükəsizliyimizə qarşı maksimum ehtiyatlı olaq, təxribatın qurbanına çevrilməyək.
Yüzlərlə pulsuz VPN tətbiqləri mövcuddur. Hətta “Google Play” tərəfindən təsdiq edilsə belə, onların hamısı təhlükəsiz deyil. Pulsuz VPN provayderləri məlumatlarınızı marketinq məqsədləri üçün sata bilər. Adətən bu cür provayderlərin tətbiqdən qazanc əldə etmək üçün istifadəçilərin onlayn fəaliyyətini qeydə alır və üçüncü tərəf reklam şirkətlərinə satır. Xidmət provayderi siz onların tətbiqindən istifadə edərkən onlayn axtarış fəaliyyətinizi izləyə bilər. VPN-dən əlavə mobil telefonlarınızda “Snapchat”, “Picsart”, “Tamable”, “Codesignalcom”, “Renderforest”, “Zangi Messenger”, “Sololearn”, “Zoomerang”, “Shadowmatic” tətbiqləri varsa, onları dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər.
Təcrübə göstərir ki, hətta “Play Store”-da təsdiq olunan tətbiqlər belə zərərli kodlar ehtiva edə bilər. Adətən bu kodlar tətbiqin “source” kodunda yerləşdirilir və yalnız üçüncü tərəf skan tətbiqlər tərəfindən aşkar edilə bilir. Bu zərərli kodların məqsədi sizin onlayn fəaliyyətinizi izləmək və məlumatlarınızı üçüncü tərəf serverlərə göndərməkdir. Pulsuz VPN xidmətləri internet bağlantısını qorumaq üçün güclü şifrələməyə malik olmur və istifadəçinin IP ünvanı sızdırıla bilər. Pulsuz VPN xidmətləri adətən zəif şifrələmə sisteminə malik olur və haker hücumlarına həssas olur. Fərdi məlumatlar ələ keçirilə bilər”.
Xatırladaq ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müntəzəm olaraq vətəndaşlarımızı kibertəhlükəsizlik qaydalarına əməl etməyə səsləməkdə, bununla bağlı müvafiq xəbərdarlıqlar ünvanlamaqda və metodiki, texniki dəstək göstərməkdədir.