Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.
Müsahibə zamanı jurnalist Prezident İlham Əliyevə Azərbaycanda yaşayan ermənilərlə bağlı, onların çoxunun qorxu içərisində yaşadığı, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişdiklərini və Dağlıq Qarabağdakı ermənilərin özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola biləcəklərinə dair sual ünvanlayıb.
Ölkə başçısı isə jurnalistin sualına cavab olaraq, bu iddiaların yanlış olduğunu bildirib.
Jurnalistin bu məlumatın burada yaşayan insanlardan daxil olduğu ilə bağlı növbəti sualını isə ölkə başçısı belə cavablandırıb:
“Ola bilsin ki, kimsə evlənib, soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər.
Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz, onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır”.