“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi”.
Bu barədə Ombudsman Səbinə Əliyevanın Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı təbrikində deyib.
S.Əliyeva bildirib ki, bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı:
“Bütün Azərbaycan xalqını bu əlamətdar, şanlı gün münasibəti ilə təbrik edirəm!
Qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün müstəqil Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazır, qüdrətli Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunur. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır”.
Ombudsman qeyd edib ki, ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır. Azərbaycan vətəndaşları bir nəfər kimi Ali Baş Komandanın, dövlətimizin, ordumuzun yanındadır.
“Torpaqlarımızı erməni tapdağından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm can sağlığı, güc-qüvvət arzu edirəm. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.
Yaşasın müstəqil Azərbaycan, yaşasın Cənab Ali Baş Komandan, yaşasın Azərbaycan Əsgəri!”, - deyə S.Əliyeva vurğulayıb.