Düşmənin canına qorxu salan rəşadətli ordumuz cəsur hərbçilərdən ibarətdir.
Qarabağ döyüşlərində düşmənin yeddi tankını və digər zirehli texnikalarını məhv edən cəsur zabitimiz Rüfət Əsədullayev doğma qəsəbəsinə - Ərçivana valideynlərinin görüşünə gəlib.
Bu gün Rüfətlə təkcə valideynləri, doğmaları, el-obası deyil, bütün Azərbaycan fəxr edir. O, ayağından və qolundan ağır yaralansa da, bir gözünü itirsə də, döyüş gücünü, qələbə əzmini itirməyib.
Rüfət Əsədullayevin sözlərinə görə, Ali Baş Komandanın çıxışları əsgərlərimizin qələbə əzmimi daha da artırır.
Ziyalı ailəsində böyüyən Rüfət təbiətən sakit olsa da, hələ kiçik yaşlarından hərbiyə maraq göstərib, döyüş filmlərini həvəslə izləyib.
Bu həvəsdən doğan arzularını gerçəkləşdirməyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmaqla qarşısına məqsəd qoyub.
Hərbçi peşəsinə yiyələnən Rüfət bu sahədə ilk uğurlarına Aprel döyüşlərində imza atıb. Son əks-həmlə əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlıq döyüş meydanında düşmənin canına vəlvələ salıb.
İgid zabitimizin anası Gülşən xanım övladının döyüşlərdəki uğurunu ordumuzun uğuru sayır:
“Hamı kimi Əsədullayevlər ailəsinin də bir arzusu var - övladlarının da xidmət etdiyi Azərbaycan ordusu hünər meydanında tarixi ədaləti bərpa etsin, torpaqlarımızın bütövlüyü bərpa olunsun”.