Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağın döyünən ürəyi olan Şuşa şəhəri uğrunda gərgin döyüşlərin getdiyini yazır.
Azvision.az-ın məlumatına görə, hətta məşhur erməni jurnalistlərdən birinin sosial şəbəkələrdə öz rəhbərlərinə ünvanladığı “Azərbaycan Ordusu Şuşa qalasına nə vaxt yaxınlaşdı ki, bizim xəbərimiz olmadı?” kimi acıqlı sualı ciddi etirazla qarşılanmışdı. Ermənilər qısa zamanda ordumuzun Qarabağda bu qədər dərinliyə girməsindən heyrətlərini gizlətmirlər.
Dünən isə Azərbaycan ərazilərinə qanunsuz gedərək, dezinformasiyalar yayan “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi “jurnalist” Semyon Peqov Şuşa ətrafında gedən döyüşlərlə bağlı videoreportaj yayıb. Videoda cəfəng dolu fikirlər səsləndirən Peqov ordumuzun gücünü həzm edə bilmədiyini göstərib.
Əvvəllər guya ermənilərin Hadrutu geri qaytarması barədə “fake” videolar paylaşan Peqov indi acizanə şəkildə deyir:
“Azərbaycan ordusu hazırda intensiv şəkildə Şuşadakı səngərləri atəşə tutur. İndi döyüşlərin getdiyi bu istiqamət Şuşanın açarı sayılır”.
O, daha sonra “Şuşa Administrasiyasının aparat rəhbəri” Qrişa Ohanesyandan açıqlama alıb.
Maraqlıdır ki, Ohanesyan daha çox qəmli görünüşlə ordumuzun peşəkarlığından söz açıb:
“Azərbaycanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də buraya cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”.
Bu faktın özü bir daha onu göstərir ki, artıq ordumuzun qısa zamanda Qarabağda uğurla irəliləməsindən təşviş keçirən ermənilər Azərbaycanın gücünü aşkar şəkildə etiraf etməyə başlayırlar.
Qrişa Ohanesyan kimilər həm də bu həqiqəti indidən boşuna kamera önündə acizanə şəkildə etiraf etmirlər. Sabah erməni cəmiyyəti soruşanda ki, “Şuşa niyə itirildi?”, bu qınağın qarşısında desinlər ki, Azərbaycan ordusu güclü idi…