“Yerevan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində neytral mövqeyinə anlayışla yanaşır”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsi zamanı bildirib.
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və bu statusuna görə öz neytrallığını qoruyub saxlamalıdır”, - deyə N.Paşinyan bildirib.
Ermənistan lideri sözügedən çıxışı ilə əslində Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyini etiraf edib. Nikol Paşinyanın bu acı etirafının təməlində isə Azərbaycanın uğurlu xarici siyasət xətti və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində qazanılan uğurlar dayanır.
Ermənistanın Baş naziri bu gün Rusiyanın neytrallığını anlayışla qarşıladığını desə də, dünən kömək üçün Moskvanın qapısını döyürdü. Bu zaman haqlı bir sual yaranır: Əgər erməni lider Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral mövqe nümayiş etdirməsini anlayırdısa, o zaman Moskvaya hərbi yardım üçün müraciətin səbəbi nə idi?