Qadin.NET / Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ

Xudafərin körpüləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salına bilər - RƏSMİ

 Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də, iki ölkə ərazisində yerləşdiyini nəzərə alaraq, Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, cari il 18 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı körpü (inv. 13) isə XIII əsrdə inşa olunmuşdur. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur.

Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib.

15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Bu da bir daha Ermənistan Respublikası tərəfindən “Silahlı münaqişə zamanı mədəni sərvətləri qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Əminik ki, qısa zamanda rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı azad edəcək və 30 ilə yaxın bir müddətdə dağıntılara məruz qalmış yurd yerlərimiz və bütün tarix-mədəniyyət abidələrimiz dövlətimizin bu sahədə həyata keçirdiyi fəaliyyətə uyğun şəkildə bərpa edilib yenidən xalqımıza qaytarılacaq.

20 oktyabr 2020
GO BACK