Bu gün sosial şəbəkələrdə ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, artıq heç bir məhdudiyyət yoxdur.
Məsələ barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Günel Gözəlova Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində internet var, sadəcə, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib:
“Hələlik bu məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur. Əgər belə bir qərar olarsa, mütləq nazirlik tərəfindən ictimaiyyətə məlumat veriləcək”.
G.Gözəlova qeyd edib ki, sentyabr ayının 27-dən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə, beş-altı dəfə artıb:
“Xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına olan hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırlıması, fişinq hücumları.
Göstəricilərin 21 faizi sosial şəbəkə hesablarının ələ keçirilməsi, 25 faizi internet informasiya ehtiyatlarında qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi ilə bağlıdır. Ölkə xaricindən Azərbaycana qarşı kiberhücumların qarşısını almaq üçün ən yaxşı metodlardan biri internetin sürətinin zəiflədilməsi, bir çox hallarda məhdudiyyətlərin tətbiq olunmasıdır.
Əks halda, düşmən tərəfi kiberhücum edərək, Azərbaycanın infrastrukturuna zərər vura, internet vasitəsilə müəyyən informasiyaların oğurlanmasına nail ola bilər. Bu baxımdan, bütün dünyada hərbi əməliyyatların getdiyi vaxtda internet məhdudlaşdırılır”.