“Bizdə dəqiq məlumat var ki, Ermənistanın Baş naziri Paşinyan hazırda psixoloji sarsıntılar keçirir”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.
İ.Əliyev qeyd edib ki, onun mənəvi psixoloji vəziyyəti çox gərgindir:
“Qeyri-adekvat qərarlar verir. Məsələn, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhdlər edirlər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, bunun strateji nöqteyi-nəzərdən Ermənistan üçün böyük önəmi yoxdur.
Sadəcə olaraq gedib, orada selfi çəkdirmək və əhalisinə bir rapor vermək üçündür. Azərbaycan ordusu o qrupu zərərsizləşdirib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizliyi və yırtıcı siyasətinin nəticəsidir. Onlar öyrəşiblər ki, dünya mediasından daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, Ermənistanı və bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər.
Azərbaycan haqqında olmazın yalanları yayırdılar. Azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər, ancaq bugünkü dünyada artıq internet dönəmində bunu etmək onlar üçün çətindir.
Bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz haqq yolundayıq. Biz öz torpağımızdayıq və öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə son qoyulacaq”.