SARS-CoV-2 virusu ağrıları yüngülləşdirə bilir. Bu, bəzi yoluxmuş insanların nəyə görə şiddətli simptomlarla qarşılaşmadığını, lakin patogeni yaya biləcəyi səbəbini izah edir.
Qadin.Net bildirir ki, Arizona Universitetinin alimləri uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. Onlar virusun anesteziya üçün faydalı ola biləcək gözlənilməz xüsusiyyəti barədə “Pain” jurnalında məqalə dərc ediblər.
Tədqiqatçılar ağrıkəsici təsirin koronavirusun insan hüceyrələrinə daxil olmasına imkan verən “S-zülalı”ndan qaynaqlandığını düşünürlər. Bu birləşmə ağrı hisslərinin meydana gəlməsi ilə əlaqəli siqnalların ötürülməsinə də maneə törədir. Bunun səbəbi, “S-zülalı”nın yalnız “ACE2” reseptoru ilə deyil, həm də neyronlarda membran zülalı olan “neyropilin-1” ilə birləşməsidir.
“Neyropilin-1” qan damarlarının inkişafında mühüm rol oynayan, eyni zamanda xərçəng və revmatoid artrit kimi xəstəliklərlə əlaqəli damar endotelial böyümə faktoru A (VEGF-A) ilə əlaqəlidir. Bu vəziyyətdə ağrıya səbəb olan neyronların hiperqıcıqlanması meydana gəlir. “S-zülal”la bağlanma da oxşar təsirə malikdir.
Gələcək tədqiqatlarda alimlər “neyropilin-1”in opioid olmayan dərmanlarla ağrıları azaltmaq üçün necə istifadə edilə biləcəyini araşdırmağı planlaşdırırlar.