Qadin.NET / Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO

Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO

Qadin.Net bildirir ki, Mir24.TV-nin məlumatına görə, hadisə Rusiyanın Altay Respublikasında yaşanıb.
Məlumata görə, Nadejda Minakova axşam işdən qayıdan ərini qarşılamağa yollanarkən gecənin qaranlığında üzəri sıx otlarla örtülü quyunu görməyib və onun içinə yıxılıb.
İşdən qayıdan kişi arvadını tapmayanda axtarışa başlayıb, sonra polislərə xəbər verib. Təqaüdçü qadını iki gün polislər, qvardiyaçılar, kinoloqlar və könüllülər axtarıb.
Yaşlı qadını polis mayoru Aleksandr Nikiforov tapıb. O, axtarış zamanı qadının əlindən düşən və artıq işığı öləziyən fanarı tapıb, ətrafı diqqətlə araşdırdıqda isə otlar basmış çalanı görüb.
Yaxınlaşıb içəri baxanda bunun, əslində, dərin quyu olduğunu anlayıb, diqqətlə dinlədikdə isə içəridən qadının səsini eşidib.

Dərhal yardım çağırılıb və qadın beş metr dərinliyi olan quyudan çıxarılıb.

Məlumata görə, Nadejda qaranlıq quyuda, belinə qədər suyun içində 36 saat keçirib. Qadın ciddi travma almasa da, xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

5 oktyabr 2020
GO BACK