Qadin.NET / Qardaş Türkiyədən informasiya mübarizəsində Azərbaycana dəstək: Ermənistanın törətdiyi təxribatlar faktlarla

Qardaş Türkiyədən informasiya mübarizəsində Azərbaycana dəstək: Ermənistanın törətdiyi təxribatlar faktlarla

Sentyabrın 27-dən başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribatlara başlayıb. Azərbaycan ordusu isə öz torpaqlarını qorumaq məqsədilə düşmənin təxribatlarına əks-hücum əməliyyatları ilə cavab verib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə hər zaman olduğu kimi qardaş ölkə Türkiyə Azərbaycana hər fürsətdə dəstək olduğunu göstərib və göstərməyə də davam edir.

Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyət Türkiyə mətbuatının əsas xəbər mövzusuna çevrilib.

Ali Baş Komandan, Prezident İlham Əliyev öz çıxışlarında bu məqama xüsusi yer verərək, qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də türk xalqına öz dərin təşəkkürünü bildirib.

Türkiyə mətbuatı gündəlik dərc olunan informasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin bütün fəaliyyətini, mövcud vəziyyətlə bağlı keçirdiyi görüşləri, xarici mediaya verdiyi açıqlama və müsahibələri geniş işıqlandırır. Bu isə Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasına təkan verir.

Azərbaycanda cəbhəboyu ərazilərdə olan Türkiyənin “Haber Global” televiziyasının çəkiliş heyəti əsgərlərimizin döyüş ruhunu, əzmini öz gözləri ilə görüb. Azərbaycan ordusuna dəstək məqsədilə hazırlanan reportajlar isə demək olar ki, bütün Türkiyə mediasında tirajlanıb.

Erməni hərbçilərinin Azərbaycan əsgərlərindən qorxması və cəbhədə öz mövqelərini, silah-sursatlarını qoyub qaçmalarına dair videomateriallar isə bir daha sübut edir ki, bizim ordumuz məğlubedilməzdir.

Bununla yanaşı “A Haber” xəbər agentliyində gedən məlumatda Türk xalqının Azərbaycana dəstəyi açıq şəkildə qeyd olunub. Qələbə sevincini bizimlə bölən qardaş ölkədə, Qalata qülləsində üçrəngli, şanlı Azərbaycan bayrağının rəngləri əks olunub.

“CNN Türk” informasiya agentliyi artıq Ermənistan - Azərbaycan sərhədində yeddi gündür davam edən qızğın döyüşlərdə Azərbaycan ordusunun əldə etdiyi uğurlar barədə geniş material hazırlayıb. Eyni zamanda qardaş ölkənin çəkiliş qrupu Tərtər istiqamətində gedən döyüşlərə könüllü olaraq qoşulan Azərbaycan əsgərləri ilə həmsöhbət olub. Nəzərə alsaq ki, erməni əsgərləri Azərbaycan əsgərlərinin qarşısında qorxaraq qaçır, igidlərimizin döyüş bölgəsinə “Qarabağ” mahnısını ifa edərək yollanması, ruh yüksəkliyi düşmənə sözün əsl mənasında mənəvi zərbədir.

“TRT Avaz”-da dərc edilən materialda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanda qismən səfərbərlik elan etməsi ilə bağlı məlumat dərc edib. Bütün bunlar nəinki türk xalqının mənən yanımızda olduğunu, eyni zamanda Türkiyə mediasının da informasiya mübarizəsində Azərbaycana dəstək olduğunun nümunəsidir.

“Sabah” qəzetində dərc edilən “Türkün şanlı bayrağı dikildi” başlıqlı məqalədə Dağlıq Qarabağın işğaldan azad olunması məqsədilə Azərbaycanın əks-hücum əməliyyatlarından bəhs edilib. Azərbaycan əsgərinin əzmi nəticəsində işaldan azad olunan mövqelərimiz, strateji yüksəkliyimiz barədə məlumatlar dərc olunub. Türkiyə mediası Azərbaycana dəstək məqsədilə mütəmadi olaraq münaqişə vəziyyətini diqqətdə saxlayır.

Bütün bu materiallar birmənalı olaraq mövcud vəziyyətdən xəbər verir. Ermənistan mediasından fərqli olaraq Azərbaycan tərəfi heç bir yalan, saxta, köhnə məlumatlardan və ya videomateriallardan istifadə etmir.

Azərbaycan xalqı bu dönəmdə yanımızda olanları heç vaxt unutmayacaq! Qarabağ Azərbaycandır!

4 oktyabr 2020
GO BACK