Dağlıq Qarabağ münaqişəsinin təhrikçiləri Xankəndinə gəliblər, onların arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan da var.
Qadin.Net bildirir ki, bu barədə “Vestikavkaza.ru” xəbər verir.
Mənbə “sputnik.armenia”ya istinadən bildirir ki, R. Koçaryanın aparat rəhbəri Viktor Soqomonyan onun Dağlıq Qarabağa getdiyini təsdiqləyib.
Ermənistanda 1990-cı illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda fəal iştirak edən R. Koçaryanın təcrübəsinin İrəvanın yaratdığı qondarma “DQR” rejiminin “ordu komandirlərinə” bir şey öyrədə biləcəyinə inanırlar.
Mənbə qeyd edir ki, Ermənistan Azərbaycan ərazisinə sentyabrın 27-si, bazar günü, Moskva vaxtı ilə saat 5:00-da hücuma başlayıb. Münaqişənin alovunu yatırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirərək düşmənin hərbi texnikasını, hərbi infrastrukturunu və canlı qüvvəsini məhv edib. Bu günə qədər Cəbrayıl və Füzuli rayonlarının yeddi kəndi və Murovdağ yüksəkliyi işğaldan azad olunub, Talış kəndi ətrafında əsas yüksəkliklər ələ keçirilib.