ABŞ-ın Corciya Texnologiya İnstitutunun mühəndislər qrupu cəmi bir dollara başa gələcək eşitmə cihazı təqdim edib.
Bu barədə “Sci Tech Daily” portalı xəbər verib:
“Mövcud eşitmə aparatlarının əsas problemi onların qiymətidir. Bir cihazın orta qiyməti təxminən 4700 dollardır. Onun büdcəli analoqlarının dəyəri isə 500 dollara yaxındır”.
Eşitmə cihazlarının qiymətini azaltmaq üçün elm adamları bahalı rəqəmsal siqnal prosessorlarından imtina edərək, onları elektron filtrlərlə əvəz ediblər (Bu, tezlik parametrlərini tənzimləmək üçün lazımdır).
“3D printerdə hazırlanan bu hissə korpusda gizlədilir və batareya ilə işləyir”, - deyə alimlər vurğulayıblar.
Qeyd edilir ki, ixtiranın aparıcı müəllifi Soham Sinha özü də eşitmə problemindən əziyyət çəkir.
“Mən eşitmə itkisi ilə doğulmuşam və orta məktəbi bitirənə qədər eşitmə cihazlarından istifadə edə bilməmişəm. Bu layihə mənə mənimlə eyni vəziyyətdə olan, lakin eşitmə aparatı almaq üçün imkanı olmayanlara kömək üçün nə edə biləcəyimi tapmaq şansı verdi”, - deyə o bildirib.
Cihazın çatışmazlığı onun iri ölçüsü və xidmət müddətinin il yarım olmasıdır. Cihazdakı batareyalar isə üç həftədən bir dəyişdirilməlidir.
Cihazın müəllifləri hazırda onun ölçüsü üzərində işləməyə davam etdiklərni vurğulayıblar.