Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Ötən gün Təhsil Nazirliyi bir həftəlik tədris müddətində təhsil müəssisələrində baş verən yoluxma statistikasını açıqladı. Statistikaya görə, dərs ili başlayandan 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Hər kəsin gələn aydan dərslərin ənənəvi qaydada bərpasına hazırlaşdığı zamanda bu statistika müəyyən tərəddüdlər yaradır. Maraqlıdır, ibtidai siniflərdə hibrid təhsil dayandırılmalıdırmı? Məktəblərdə hansı qaydalar tətbiq edilməlidir? Tibbi nöqteyi-nəzərdən hansı təhlükələr var?
Qadin.Net bildirir ki, mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, ibtidai siniflərdə onlayn tədris arzuolunmayandır və ənənəvi tədris davam etdirilməlidir:
“Buna görə də elə mexanizmlər hazırlamaq lazımdır ki, uşaqların yoluxma ehtimalı çox aşağı olsun. Xüsusilə, bu işdə valideynlərin böyük rolu var. İbtidai sinifləri hələ öyrətmək lazımdır, yuxarı sinif şagirdləri deyillər ki, onlara onlayn dərs keçirilsin. Gigiyena qaydalarının gözlənilməsi, verilən tövsiyələrə əməl olunmasına nəzarət etməklə yanaşı, başqa mexanizmləri də hazırlamaq gərəkdir”.
Azyaşlı uşaqlarda yoluxma riskinin aşağı olmasını düzgün yanaşma saymayan baş infeksionist uşaqlarda, gənclərdə xəstəliyin çox vaxt özünü büruzə vermədiyini deyib: “Xəstəlik subklinik səviyyədə keçirilir, buna görə də onların xəstə olub-olmadığını bilmirik. Bu nöqteyi-nəzərdən o xəstələr daha təhlükəlidir. Çünki əlamətləri yoxdur, virus ifraz olunur və ətrafdakılara təhlükə yaradırlar. Bu baxımdan məktəbyaşlı uşaqların yoluxma və yoluxdurma ehtimalı infeksiya mənbəyi olaraq yüksəkdir.
Əgər bacara bilirlərsə, şagirdlərin maska taxmaları çox yaxşı olar. Amma uşaqların əksəriyyəti maska taxa bilmirlər. Maska ilə oynaya, düzgün taxmaya bilərlər, bu isə daha böyük təhlükə mənbəyidir. Buna görə də xüsusi qayda işləyib hazırlamaq lazımdır. Hazırkı vəziyyətə görə sinfin sahəsi böyük olmaldır. Kiçik otaqlarda 15 şagirdin yerləşdirilməsi yolverilməzdir. Böyük otaqlarda ara məsafəsi gözlənilməlidir.
Yaxşı olar ki, şagirdlər tənəffüsə buraxılmasın. Tənəffüs sinif şəraitində həyata keçirilsin. Uşaqlara əyləncəli idman hərəkətləri etdirsinlər. Tənəffüsə buraxılarkən uşaqlar dəhlizdə toplaşır, sıxlıq yaranır”.