Bakıda dövlət və özəl uşaq bağçalarının fəaliyyətinin bərpası üçün hazırlıq işlərinə başlanılıb.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.