“Universitetlərdə təhsil alanların böyük əksəriyyəti bölgələrdən gələnlərdir. Hazırda kirayə mənzil axtaran tələbələrin sayı çox azdır. Əvvəlki illərdə isə əksinə, kütləvi axın olurdu”.
Bunu Publika.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert qeyd edib ki, avqust ayında karantin yumşaldıldıqdan sonra bölgələrdən insanlar iş yerləri açıldığı üçün Bakıya gəldilər və kirayə mənzillərə tələbat artdı. Ancaq indi durğunluq yaşanır: “Yuxarı kursda təhsil alan tələbələr hələ ki, ev axtarışında deyil. Dərslərin oktyabr ayında başlaması qərarına görə, onlar o tarixdən bir qədər əvvəl ev axtarmağa başlayacaqlar. Həm də dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı qərar tam təsdiqini tapmayıb. Bu təsdiqini taparsa, insanlar sentyabrın ortalarından sonra məcbur qalaraq kirayə ev tutmaq üçün gələcəklər. Elə tələbələr var ki, onlar Bakıya valideynləri ilə gəlirlər. Ancaq yollar bağlı olduğu üçün hazırda gələ bilmirlər. Bunlar hamısı kirayə mənzil bazarına təsir edir. Konkret tarix bəlli olarsa, tələbələrin şəhərə axını başlayacaq. Bu isə mənzillərin qiymətinə ciddi təsir edəcək”.
E.Fərzəliyevin sözlərinə görə, 2016-cı ildən Prezident İlham Əliyevin sərəncamına əsasəsən, istismar müddəti bitən binaların sökülərək yeniləri ilə əvəz olunmağa başlanması kirayə bazarına təsir göstərib: “4 və 5 mərtəbəli binaların bir hissəsi mərhələli şəkildə söküldü, digərləri isə sökülməlidir. Binalar söküləndə isə ucuz kirayəlik mənzillər bazardan çıxır. Həmçinin o binada yaşayan sakinlər yeni bina tikilənə qədər məcbur qalaraq kirayəyə çıxdılar. Artıq həmin sakinlərin götürdüyü kirayə mənzillər azı iki il onların ixtiyarında olur. Burada problem tələbələrin yaralı yeri olan ucuz qiymətə olan mənzillərin üzərinə köklənir. Tələbələr eyni zamanda universitetlərə yaxın yerləşən kiçik həyət evlərinə də maraq göstərirdilər. Ancaq bu evlər söküldüyü üçün onlar məcbur qalaraq şəhər kənarına getdilər”.