"Bir çox ağır xəstələrin müalicəsi ilə tanış oldum. Müşahidə edirəm ki, reanimatoloqlar hər şey edirlər, amma ağır xəstələrə vitamin D, sink və digər minerallar təyin etmirlər, sanki buna ehtiyac görmürlər. Bəzən vitamin kompleksi və vitamin C təyin edirlər, bununla kifayətlənirlər. Bilin ki, vitamin kompleks içərisində olanlar gündəlik fizioloji tələbata uyğundur. COVID-19 xəstələrində bu tələbat 3 dəfə və daha çox artır".
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, koronavirus xəstələri xəstəlik müddətində daha çox vitamin itirir:
"Xəstəyə sidikqovucu təyin edirsinizsə, suda həll olunan bütün vitamin və minerallar sidiklə itirilir. "Deksametazon" vurursunuzsa, bu vitamin D, Ca, Mg, xrom, sink, kalium, fol turşusu çatışmazlığı yaradır. Hər mineralın, hər vitaminin öz funksiyası var. Məsələn, Mg çatmazsa, hipokaliemiyanı düzəldə bilməzsiniz. Həm Mg ATF-nin işi üçün lazımdır, enerji çatışmazlığı yaranacaq. Həmçinin fosfor çatışmazlığına diqqət edin. Çatışmazlıqlar müalicənizin uzanmasına, çətinləşməsinə səbəb olur. Xüsusilə ağır xəstədə vitamin D çatışmazlığı yaranarsa, nə etsəniz də düzəlməz. Sink çatışmazlığı olarsa, immun sistemi çökəcək, xəstədə yataq yaraları əmələ gələcək və s.".
Ş.Məmmədov koronavirusun inkubasiya periodunun 14 günə qədər olduğunu qeyd edib: "Amma siz COVID-19 xəstəsi, ya onun elementləri olan insan ilə kontaktda olmusunuzsa, 14 günə qədər narahat qalmağa dəyməz. Əgər ilk 4 gündə əlamətlər başlamayıbsa, amma virus sizə yoluxubsa, xəstəliyi yüngül keçirəcəksiniz. Tədqiqatlar sübut edib ki, kontakt ilə ilk əlamətlərin başlanma müddəti nə qədər uzundursa, xəstəlik o qədər yüngül keçir".
Həkim son vaxtlarda saç tökülməsi probleminin koronavirusla bağlı olması haqqında yayılan xəbərlərə də münasibət bildirib:
"Çox müraciət olur ki, doktor, mən koronavirusdan sağaldım, amma saçım dəhşət tökülür. Saç tökülməsi koronavirusun müalicəsi ilə əlaqədar deyil. Əksinə, siz müalicədə sink və B qrup vitamin qəbul edirsiniz, sink və B6 saç üçün çox lazımlıdır. Pandemiya stressi deyilən bir şey var. Hətta bu stress nəticəsində koronavirus olmayan insanların saçı tökülür. COVID-19 xəstələrində isə bu stress daha güclüdür".