Qadin.NET / Əqli Mülkiyyət Agentliyindən Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri haqqında AÇIQLAMA

Əqli Mülkiyyət Agentliyindən Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsəri haqqında AÇIQLAMA

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun vərəsələri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, onun “Kor ərəbin mahnısı” əsərinin musiqisinin Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənildiyini və “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilərək Youtube kanalında yayıldığını bildirmiş və bununla bağlı müəllifin pozulmuş hüquqlarının bərpa olunmasını və hüquq pozucularına münasibətdə tədbir görülməsini xahiş ediblər.

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin ekspertləri tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Vardan Hovanissian və Emre Gültekin tərəfindən ifa edilmiş və “Karin” musiqi albomuna daxil edilib, həmçinin “Youtube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, “Houcher” musiqi əsəri plagiatdır və burada Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin adı “Houcher” adı ilə dəyişdirilərək təhrif edilmiş, eyni zamanda əsərin bəstəkarları kimi Vardan Hovanissian və Emre Gültekin göstərilib. Bununla Fikrət Əmirovun şəxsi və əmlak hüquqları kobud şəkildə pozulub.

Bununla yanaşı, Vardan Hovanissian və Emre Gültekin tərəfindən www.bandcamp.com saytındakı səhifələrində yerləşdirilmiş “Karin” musiqi albomuna daxil edilmiş əsərlər haqqında verilən məlumatda Fikrət Əmirovun adı göstərilməmiş, “Kor ərəbin mahnısı” əsəri isə təhrif olunmuş “Houcher” adı ilə folklor nümunəsi kimi təqdim edilərək, aranjemançı kimi Vardan Hovanissian və Emre Gültekin göstərilmiş və bununla müəllifin şəxsi hüquqları pozulub. Digər tərəfdən, “Karin” musiqi albomu www.bandcamp.com saytında kommersiya məqsədilə yerləşdirildiyindən Fikrət Əmirovun əmlak hüquqları da pozulub.

29 avqust 2020
GO BACK