Qadin.NET / Bu gün 7 şəhərdə imtahan keçiriləcək

Bu gün 7 şəhərdə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək.
Qadin.Net bildirir ki, bu barədə DİM-dən məlumat verilib.
DİM tərəfindən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran və Xaçmazda keçiriləcək. Həmin gün ümumilikdə 4606 nəfərin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunmasına 22 imtahan binası, 336 imtahan zalı, 22 ümumi imtahan rəhbəri, 56 imtahan rəhbəri, 437 nəzarətçi müəllim, 44 buraxılış rejimi əməkdaşı, 22 bina nümayəndəsi ayrılıb.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.

27 avqust 2020
GO BACK