Təhsil müəssisələrinin fəaliyyətini bərpa etmək məsələsi hələ də aktuallığını qoruyur. Dərs ilinin başlamasına az vaxt qalıb, ölkədə isə epidemioloji vəziyyət pisləşməyə başlayıb. Koronavirusa yoluxanların sayı yenidən sağalanların sayını üstələyib. Belə vəziyyətdə tədris ilinin nə vaxt başlayacağı valideynləri ən çox düşündürən məsələlərdən biridir.
Bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Media.Az-a müsahibə verib.
“15 sentyabr yaxınlaşdıqca tədris ilinin başlaması ilə əlaqədar daha çox sual yaranır. Lakin hazırda bu məsələ ilə bağlı son qərar verilməyib. Azərbaycan Təhsil Nazirliyi, Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyəti izləyir, geniş tədqiqat işləri aparılır. Biz Təhsil Nazirliyinin yanında İctimai Şura olaraq bu prosesi yaxından izləyirik”, - deyə İ.Orucov bildirib.
Onun sözlərinə görə, ölkədə tədris prosesi dayandırıldığı vaxtdan İctimai Şura tədris prosesinə dəstək üçün tövsiyələrini verib, Azərbaycan Respublikasının keçmiş və hazırkı təhsil naziri ilə onlayn görüşlər keçirib. Tədris prosesinin bərpa olunması müzakirə edilib. Digər təhsil subyektləri ilə də görüşlər olub, daha sonra Təhsil İnstitutu öz tövsiyə və təkliflərini təqdim edib.
İ.Orucov qeyd etdi ki, tədris prosesi üç ssenari əsasında - ənənəvi, distant (onlayn) və qarışıq formatda (ənənəvi + onlayn) bərpa edilə bilər.
İctimai Şuranın icra katibinin sözlərinə görə, müvafiq beynəlxalq təşkilatlar, xüsusən ÜST, UNİCEF, UNESCO tədris prosesinin yenidən başlaması halında mümkün risklər barədə xəbərdarlıq edir.
“Xəstəliyin yenidən yayılması halı olarsa, çox sayda uşağın təhsil prosesindən kənarda qalma riski var. Ölkədə pandemiyanın ilk günündən bəri Təhsil Nazirliyi tədris prosesinin təşkili məsələsinə çox ciddi yanaşıb: “Mədəniyyət TV” telekanalında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində video-dərslər təşkil edilib, “Virtual məktəb” platforması yaradılıb. Bununla belə, onlayn təhsilin bütün tələbələri əhatə etmədiyini də başa düşürük”, - deyə ekspert bildirib.
Onun fikrincə, bu baxımdan ən məqbul seçim hibrid təlim formatıdır:
“Pandemiya davam edir və təhsil müəssisələrinin əvvəlki kimi işləyəcəklərinə ümid etməyə dəyməz, çünki bu yoluxanların sayının artmasına gətirib çıxara bilər. Hazırda karantin rejiminin ləğv olunduğu ərazilər üçün aktual olan hibrid, qarışıq təhsil forması gündəmdədir.
Bununla birlikdə, hibrid formatında dərs günlərinin, saatların və sinif sıxlığının azaldılması üçün tədbirlər görüləcək. Uşaqların məktəbdə məsələn, altı deyil, üç saat olması üçün dərs müddəti 30 dəqiqədən çox ola bilməz. Bəzi sinif şagirdlərinin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri məktəbə getməsi daha məqsədəuyğundur. Bu, dərsə gedilməyən günlərdə məktəblilərin təhsildən kənarda qalması demək deyil, onlar sadəcə onlayn formatda dərs keçəcəklər”.
İctimai Şuranın icraçı katibi Almaniyadakı kimi qarışıq təhsil modelindən istifadə etmək üçün vətəndaşların bütün lazımi tədbirlərə əməl etməli olduqlarını vurğulayıb:
“Daha sərt karantin rejiminin mövcud olduğu ərazilərə gəlincə, orada yalnız onlayn təhsil mümkündür. Təəssüf ki, hazırkı şəraitdə başqa seçim yoxdur”.
O, həmçinin Azərbaycanın distant təhsil sahəsində qənaətbəxş sayıla biləcək təcrübəyə malik olduğunu xatırladıb:
“Yeri gəlmişkən, bu mövzuya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Microsoft”un vitse-prezidenti Filip Roqqe ilə görüşü zamanı toxunulub. Üstəlik, başqa ölkələr artıq distant təhsil sahəsində ölkəmizin təcrübəsindən istifadə edirlər. Təkrar edirəm, bu, çox uğurludur, amma hazırkı reallıqda bu kifayət deyil ”.
Məktəb formasının məcburi geyilməsinə gəlincə İctimai Şuranın icra katibi bu məsələnin hələ prioritet olmadığını qeyd edib.
“Bu gün bizim üçün təhsil səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və bütün lazımi tədbirlərə riayət etmək daha vacibdir. Bu vəziyyətdə tədris prosesinin təşkili üçün heç bir risk yaranmayacaq”, - deyə İlqar Orucov sözlərini tamamlayıb.