Qadin.NET / Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – ekspert tövsiyəsi

Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – ekspert tövsiyəsi

Koronavirusla əlaqədar ölkədəki qeyri-sabit epidemioloji vəziyyət Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargaha və Təhsil Nazirliyinə məktəblərdə təhsil forması ilə bağlı son qərarı qəbul etməyə imkan vermir.
Qadin.Net bildirir ki, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü bu məsələ ilə bağlı fikirlərini media.az-la bölüşüb.
M. Mürşüdlü qeyd edib ki, yeni tədris ilində dərslərin necə keçiriləcəyi barədə dəqiq bir söz deyə bilməz, çünki aidiyyəti qurumlar qəti qərar qəbul etməyib və COVID-19 ilə bağlı vəziyyət hər gün dəyişir. Onun sözlərinə görə, bu məqamda yalnız fərziyyələr irəli sürmək və tövsiyələr vermək olar.
“İstər orta məktəblərdə, istərsə də universitetlərdə təhsil coğrafi bölgədəki epidemioloji vəziyyətdən asılı olaraq A və B planı əsasında aparılmalıdır. Ölkənin bir sıra bölgələrində, Bakıdan fərqli olaraq, koronavirusla bağlı vəziyyət daha ürəkaçandır. Beləliklə, oradakı tədris ili vaxtında və ənənəvi qaydada başlaya bilər. Ancaq bir şərtlə ki, məktəblər buna hazır olsunlar. Misal üçün, məktəblərdə sanitar qovşaqlar təmir edilibsə, sinif otaqlarını və binaları dezinfeksiya etmək mümkündür. Məktəblər lazımi sanitar-gigiyenik materiallarla təmin olunub. Üstəlik, bu tədbirlər təkcə zəhmət tələb etmir, həm də baha başa gəlir”, - deyə təhsil eksperti söyləyib.

M. Mürşüdlünün fikrincə, sinifdə, xüsusən də ibtidai siniflərdə şagirdlərin sayının azaldılması və dərslərin 25 dəqiqədən çox olmaması məsləhətdir.

“Hava şəraiti icazə verirsə, dərslər açıq havada keçirilə bilər. Bu, kənd yerləri üçün daha aktualdır. Həmçinin valideynləri məlumatlandırmaq və maarifləndirmək lazımdır ki, onlar təhlükəsizlik qaydaları ilə əlaqədar həyata keçirilən tədbirləri dəstəkləsinlər. Onların icra edilməsinə öz töhfələrini versinlər”, - deyə M. Mürşüdlü fikrini tamamlayıb.

25 avqust 2020
GO BACK