Estoniyada “İlin anası-2013” adının qalibi Malle Kobin uşaq zorakılığına görə mühakimə edilib.
Qadin.Net bildirir ki, bu barədə ERR məlumat yayır.
68 yaşlı qadın dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onu yetkinlik yaşına çatmayanları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və onlara xəsarət yetirməkdə günahlandırıb.
Qurbanlar 9-17 yaş arasındadırlar. Onlar Kobin tərəfindən övladlığa götürülən uşaqlardır. İttiham materiallarına görə, qadın müntəzəm olaraq uşaqları döyüb, həmçinin bir neçə saat, bəzən də bir neçə gün bağlı yerdə saxlayb.
2013-cü ildə “İlin anası” adını alan Kobinin həmin vaxt beş övladı və 12 övladlığı olub. 2014-cü ildə o, uşaqları qorumaq fəaliyyətinə görə Estoniya Qırmızı Xaç ordenini alıb.
Sosial Təminat İdarəsindən alınan məlumatlar əsasında 2019-cu ildə ona qarşı cinayət işi başlanıb. İttiham aktında 2016-2019-cu illər arasında beş uşağa qarşı zorakılıqdan bəhs olunur.