2020-ci ilin anomal yayı temperatur rekordları vurur və planetə dağıdıcı qasırğa, yanğınlar, quraqlıq və daşqınlar mövsümünü vəd edir. Qadin.Net AzərTac-a istinadən bildirir ki, alimlər 2020-ci ilin 141 illik müşahidə tarixi ərzində ən isti beşliyə daxil olacağını proqnozlaşdırırlar.
Oxşar rekordlar çox pis bir ənənəyə çevrilir: son 20 ildən 19-u ən isti iyirmiliyə daxildir, son 6 il isə bu reytinqdə birinci altı yeri tutur. Hər şey belə davam etsə, bir neçə aydan sonra onlar yeddidən yeddi olacaq.
Bu halda qlobal istiləşmənin sürətləndiyi barədə ehtimallar növbəti dəfə təsdiqlənəcək. Deməli, Paris iqlim sazişinin müddəalarını yenidən nəzərdən keçirmək lazım gələcək. Lakin zaman bunun üçün heç də uyğun deyil: koronavirus pandemiyası dünyanı ağır iqtisadi böhrana salır və xərclər tələb edən "yaşıl" gündəlik dünyanın əksər ölkələrində ikinci plana keçir.
2020-ci ilin iyul ayı 1880-ci ildən etibarən ən isti üçlüyə daxil olub: qurunun və okeanların səthinin istiliyi ХХ əsr üçün orta temperaturdan 0,92 ℃ daha yüksək olub. O, cənub yarımkürəsində qışın daha soyuq keçməsi nəticəsində keçən ilin iyul ayının mütləq rekordundan cəmi 0,01 dərəcə aşağı olub.
Ümumdünya Vəhşi Təbiət Fondunun nümayəndəsi Qaret Redmond deyib: "Bu, səy göstəriləsi rekordlar deyil. Tropik istilik Böyük Britaniya kimi ölkələrin sakinlərinə bəzən xoş ola bilər, amma əslində bu, planetdə iqlim böhranı barədə parlaq bir xatırlatmadır".
İyul ayı üçün ən isti onluqdan doqquzu son onilliyə təsadüf edib. Altısı - son altı ilə. Ekstremal istilik bir çox səbəblərə görə xoşagəlməzdir. Məsələn, ölümlə nəticələnə bilər. Böyük Britaniyanın kral meteoxidmətinin məlumatına görə, son bir neçə ildə digər hava kataklizmləri ilə müqayisədə istilik daha çox insanın ölümünə səbəb olub.
Yer səthində temperaturun yüksəlməsi torpağın qurumasına və buzların əriməsinə gətirib çıxarır. Bu ilin iyul ayında arktik buz təbəqəsi son 40 ilin orta göstəricisinin dörddəbiri qədər az və bütün müşahidələr ərzində ən kiçik olub. Şimal dəniz yolu faktiki olaraq buzdan tamamilə azaddır.
Arktikada bundan əvvəlki rekorddan bir il öncə Polşa ərazisi ölçüsündə bir buz parçası ərimişdi. Son 45 il ərzində isə onun həcmi daha da azalıb, beləliklə, əsrin ortalarına Şimalda buz tamamilə yoxa çıxacaq.
Bu il qasırğa mövsümü də çox erkən başladı və artıq iyul ayında tropiklərdə tam doqquz adlı fırtına qeydə alındı - bu isə yayın ortaları üçün rekord göstəricidir.
Ekvator yaxınlığında güclü küləklər La-Ninya fenomeninin yaranması - Sakit okeanda temperaturların aşağı düşməsinə işarə edir və şok qasırğalar mövsümünü vəd edir. ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) adi 12 əvəzinə 19-25 güclü siklon proqnozlaşdırır. Onlardan 7-11-nin qasırğalara çevrilməsi, 3-6-nın isə tamamilə dağıdıcı olacağı gözlənilir.
Avropanın bir yarısı iyul ayında istidən əziyyət çəkir, bağ-bağçalara su verilməsini qadağan edirdi, digər yarısı isə yorğanlara bürünüb, su basmış dirriklərdən su çəkirdi.
"Copernicus Climate Change Service" Avropa mərkəzinin məlumatına görə, Finlandiyada normadan iki dəfə artıq yağıntı və normadan 1-2 dərəcə soyuq olub. Portuqaliya 90 illik müşahidələr dövründə, Fransa isə 1959-cu ildən bəri ən isti iyul ayını yaşayıb.
Alimlər xəbərdar edirlər ki, qlobal istiləşmə məhz temperatur və rütubətin kəskin fərqləri, təbii kataklizmlər və mülayim iqlimin ekstremal iqlimə çevrilməsi səbəblərinə görə təhlükə daşıyır. Planetdə nisbi rütubət son 40 il ərzində aşağı düşür və buna səbəb yağıntıların azalması deyil, havanın daha tez istiləşməsi və okeanların səthindəki temperaturla fərqin artması faktıdır.
Normadan uzaqlaşma nəinki daha tez baş verir, həmçinin daha uzunmüddətli olur. Avropa ardıcıl olaraq üçüncü quraqlıq yay mövsümündən əziyyət çəkir, bu da məhsul yığımında və bütövlükdə iqtisadiyyatda özünü büruzə verir.
İstiləşmə və onun nəticələrinin ən parlaq nümunəsi Kaliforniyada Ölüm Vadisində müşahidə edildi: +54,4℃. Sonra bütün ştatda 20 ildə ilk dəfə olaraq elektrik enerjisinin verilməsində kəsilmələr baş verdi: kondisionerlər və soyuducular şəbəkəni həddindən artıq yükləyirdi. Kaliforniyada orta temperatur ümumilikdə planetlə müqayisədə daha tez artır, yağıntıların miqdarı isə azalır.
NOAA-nın alimləri 2020-ci ilin bütün 141 illik müşahidə tarixi ərzində ən isti beşliyə daxil olacağını proqnozlaşdırır və onun rekord il olduğunu 75 faiz ehtimal edirlər.