Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 27 il ötür.
1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib.
Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.
Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan Silahlı qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir.
Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.
Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.
1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunub, ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.