Qadin.NET / Prezident İlham Əliyev ASAN xidmətə yeni səlahiyyətlər verdi

Prezident İlham Əliyev ASAN xidmətə yeni səlahiyyətlər verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük işi və miqrasiya xidməti sahəsi ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN Xidmət) əlavə səlahiyyətlərin verilməsi ilə bağlı fərman imzaladı.

Fəramana əsasən, Dövlət Agentliyinə gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi, gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi səlahiyyəti verilib.

Miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı Dövlət Agentliyinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi tapşırılıb.

Eləcə də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası təmin olunması Dövlət Agentliyinə tapşırılıb.

Eyni zamanda yeni fərmana əsasən, kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı, fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin sisteminə daxil edilməsi üçün qəbulu ilə bağlı Dövlət Agentliyinə səlahiyyətlər verilib.

21 avqust 2020
GO BACK