“Seroloji testlər könüllülük prinsipi üzərində həyata keçirilir. Bu testlərin həyata keçirilməsində məqsəd insanların daha əvvəl virusa yoluxub-yoluxmadığını öyrənməkdən ibarətdir. Virusa yoluxmuş insanların bədənində antikorlar yaranır ki, bu da müvəqqəti immunitetin formalaşmasını təmin edir”.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu sözləri infeksion xəstəliklər üzrə mütəxəssis Vasif Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planının hazırlanması haqqında danışarkən deyib.
“İnsanların çoxu COVID-19-u yüngül və ya asimptomatik keçirdiyindən bədənində antikorların yaranıb-yaranmamasını bir müddət sonra qan təhlili nəticəsində öyrənmək olar. Testlərin aparılmasının mahiyyəti əhalinin neçə faizində koronavirusa qarşı immunitetin qazanıldığını müəyyənləşdirməkdən ibarətdir.
Payız aylarında, növbəti dalğalarda insanda virusa qarşı immunitetin nə qədər davam edəcəyi hər kəsi maraqlandıran sualdır. Odur ki, seroloji testlər bu suallara cavab tapmaq üçün əhəmiyyət kəsb edir. Testlərin hər hansı təhlükəsi yoxdur, qan analizi ilə öyrənilir. Üstəlik tam olaraq dövlət hesabına maliyyələşdirilir. Vətəndaş heç bir ödəmə etmədən testin nəticələrini öyrənə biləcək.
İnsanlar tibbi layihənin mahiyyətini dəqiq qavradıqdan sonra bu testlərə olan maraq da artacaq. Hazırkı mərhələdə insan özü müraciət edə bilməz, virusun sonrakı mərhələlərinə əhalinin nə qədər hazırlıqlı və qoruyuculuğunun olub-olmadığını öyrənmək üçün təsadüfi insanlar seçilir. Testlər Avropa istehsalıdır və yüksək keyfiyyətə sahibdir. Bu baxımdan güvənlidir”, - həkim vurğulayıb.