Qadin.NET / Venesiya festivalında yarışacaq filmimizin tizeri - VİDEO

Venesiya festivalında yarışacaq filmimizin tizeri - VİDEO

Azərbaycan kino tarixində ilk dəfə olaraq Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatı uğrunda yarışacaq “Səpələnmiş ölümlər arasında” tammetrajlı bədii filminin ilk videoçarxı yayımlanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Azərbaycanlı rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmi Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir.
“Səpələnmiş ölümlər arasında” filminin ərsəyə gəlməsində həm azərbaycanlı, həm də əcnəbi kinematoqrafların əməyi var. Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (digərləri: Kann film festivalı və Berlin film festivalı) Venesiya film festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib. Daha əvvəl sözügedən festivallara seçilən filmlər olsa da, heç biri əsas yarışmada mübarizə aparmaq şansına sahib olmayıb.
Filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.

Sentyabrın 2-dən 12-dək keçiriləcək builki festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. Festivalın münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.

Qeyd edək ki, “Qızıl şir” – Venesiya film festivalının əsas mükafatıdır və 1949-cu ildə təsis edilib.

18 avqust 2020
GO BACK