Qadin.NET / Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər

Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər

8 min 263 nəfər 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu prosesində iştirak edərək elektron qeydiyyatdan keçib. Onlardan 6061 nəfəri ixtisas seçimi edib.
Qadin.Net xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar.

Peşə təhsili pilləsi üzrə müraciət ünvanlayan şəxs müvafiq ixtisasları seçdikdən və təsdiq etdikdən sonra şəxsi kabinetinə daxil olaraq müraciətinin statusunu izləyə bilər.

Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumi təhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər.

Müraciətçinin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “videotəlimat”la tanış olmalıdır. Digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlaya bilər.

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır.

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

19 avqust 2020
GO BACK